Layihə | Kitab BELƏ YARANIR – VİDEO, FOTOLAR

Layihə | Kitab BELƏ YARANIR – VİDEO, FOTOLAR
  15 May 2013    Oxunub:13734
AzVision.az “BELƏ YARANIR...” layihəsini davam etdirir. Bu layihə vasitəsilə oxucuları müxtəlif incəsənət nümunələrinin yaranma prosesi, görünməyən tərəfləri ilə tanış etməyə çalışırıq.
Layihənin növbəti buraxılışı Sizi kitabın necə ərsəyə gəlməsi ilə tanış edəcək. Beləliklə, KİTAB BELƏ YARANIR...

Adətən bizi kitabxanaya və ya kitab mağazasına hansısa sevimli yazarımız, dostlardan eşitdiyimiz hər hansı bir əsər adı, ya da göz yaddaşımızda ilişib qalan hər hansı kitabın maraqlı üz qabığı aparır və elə bununla da o kitab bizimki olur.

Yaxud da kitab alarkən adına, müəllifinə, hansı nəşriyyatda çap edildiyinə diqqət edir, hələ bir az da vərəqləyib məzmununa göz gəzdiririk. Bununla da yetinməyib, səhifəsinə əl gəzdirib şriftlərin qarasının çıxıb-çıxmadığını yoxladığımız vaxtlar da az olmur. Yəqin ki, barmağımız qaralanda kitabı sakitcə yerinə qoyub gedirik, axı “gözümüzü aparır bu qara-qura”.

Amma həmin an heç düşünmüsünüzmü, pulunu saymaqla asanlıqla əldə etdiyimiz o kitablar hansı mazutlu əllərdən keçib gəlib, kimlər toxunub, kimlər dil-ağız verib o cansız kağız parçalarına? Oxuyarkən kiminin bir nöqtə belə qoymağa qıymadığı, kimininsə üzərində cızma-qara elədiyi səhifələr hazırlanarkən bir səhv oldusa, yenidən hazırlanıb, yenidən fırlanıb o cihazlar, yenidən işləyib o əllər, dəfələrcə nəzərdən keçirib hər detalı eynək arxasından o gözlər. Bir də, bir də, bir də... Amma təbii olaraq kitabın sehrində unuduruq bütün bu məqamları. Bizi özüylə aparan əsərdəki hadisələr, obrazlar olur, o obrazlara gətirib çıxaran, onlarla dostlaşdıran əsas qəhrəmanlar yox...

Ancaq bu dəfə kitabın necə yaranmasını öyrənmək istəyimiz bizi məhz o qəhrəmanların yanına apardı. “Qanun” nəşriyyatına...

Doğrusu, nə qədər sadəlövhlük də olsa, bizə elə gəlirdi ki, nəşriyyatda hər gün və ya hər dəfə kitab çapının bir mərhələsi gedir və biz də məhz buna görə, bir neçə gün gəlib-getməli olacağıq. Ancaq “Qanun”un direktoru Şahbaz Xuduoğlu gülümsəyərək bunun heç də belə olmadığını bildirdi və mətbəənin istiqamətini göstərdi.

Budur, nəşriyyatın çap sexinə daxil olar-olmaz cihazların uğultusu, kağızların qoxusu, mazutlu əlcəklər və əllər, ən əsası, o əllərin sahibləri kitabı insana daha da doğmalaşdırır: “Deməli, hər gün əlimə alıb oxuduğum kitab burda, belə hazırlanırmış...”

Və hələ ki, nabələd olduğumuz nəşriyyatda bizə mətbəənin direktoru Ənvər İsmayılov bələdçilik edir. Dediyi kimi, bir kitabın çapı üçün lazım olan bütün prosedurlar nəşriyyatın daxilində baş tutur, yəni kitab bütünlüklə “Qanun”a aid olur. Elə ilk dəfə nəşriyyatın özündə tanış olduğumuz kitabın montaj, tikiş, çap, qatlama, səhifələnmə, yığım, cildlənmə-“kley”lənmə, eyni zamanda, marketinq, sifariş, müəlliflərlə danışıqlar və s. işlərin hamısı bir kollektivin əlindən çıxır və sonda bizim əlimizə kitab olaraq gəlib çatır.

Bu tanışlıq zamanı qeyri-ixtiyari olaraq bir fikir keçir beyindən – necə ki, bəzən yemək hazırlayarkən hər şey reseptə uyğun olsa belə, dadı-duzu olmur. Hə, bu zaman onda çatışmayan sevgi olur, belə desək, “ona qoyulan can olmur, ürək olmur”. Elə “Qanun”un əməkdaşlarının üzündəki təbəssüm, kitabı can, ürək qoyaraq hazırlamaları dadı damağımızdan getməyən o yeməyi xatırladır. Bütün bunlarla hazırladığımız video və fotoların vasitəsi ilə sizlər də tanış ola biləcəksiz.

Şahbaz Xuduoğlu ilə söhbətimizdə isə nəşriyyatda 40-a yaxın işçnin olduğunu öyrənirik. Şahbaz müəllim deyir ki, hər bir işçinin çap olunan kitabda kiçik də olsa əməyi olur, toxunur o kitaba:
- Yoxsa, onların burda nə işi var? (gülür)

Elə isə baxaq görək, həqiqətən onların – Aygünün, Səlcuqun, Füzulinin, Baharın, Lətafətin, Mehmanın, Ələviyyənin, Mehbarənin, Esmiranın, Çiçəyin, Bəhruzun, Günayın, Rafaelin, Nəzrin, Günel, Rəhilənin və digərlərinin burda nə işi var?..

Sevinc Fədai
Elnur Abdulla





Qalereya




Teqlər:  





Xəbər lenti